24 Kasım 2013 Pazar

  





 “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının baş redaktoru Məhəmməd Baharlının dörd cilddə kitabları işıq üzü görüb
   "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı 60 ilə yaxındır ki, dilimizin öyrənilməsinə elmi-metodik yardım edir.  Əsası 1954-cü ildə qoyulmuş bu mətbuat orqanı uzun illər "Azərbaycan məktəbi" jurnalının metodik əlavəsi kimi fəaliyyət göstərib. 1990-cı illərdə müstəqil redaksiyası yaradılaraq əvvəlcə "Ana sözü" adı altında nəşr edilməyə başlanıb, sonra isə yenidən  ilk adına qaytarılıb. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik mətbu orqanıdır. Jurnalda ədəbiyyatşünaslıq və dilçiliyə, dil və ədəbiyyatın tədrisi tarixinə, qloballaşan dünyamızda baş verən mühüm ədəbi proseslərə, yeniliklərə dair yazılar verilir
    "Elm və təhsil" nəşriyyatı ”Azərbaycan dili və ədəbiyyatı” jurnalının redaktoru, tanınmış tədqiqatçı-jurnalist Məhəmməd Baharlının "Seçilmiş əsərləri"ni çapdan buraxıb.  Nəfis tərtibatla, yüksək poliqrafik icra keyfiyyəti ilə çap olunmuş dördcildlikdə  müəllifin çoxşaxəli və zəngin yaradıcılığının ən dəyərli nümunələri yer alıb.
   Birinci cilddə  axtarışlar və tapıntılar, görüşlər və xatirələr, tarix, ədəbiyyat, cəmiyyət, təhsil və digər taleyüklü milli məsələlr barədə mülahizələri yer almışdır.Bu yazılar, demək olar ki, elmi, tarixi, pedaqoji publisistikanın ən gözəl nümunələridir. Qırx beş illik yaradıcılıq dövrünün məhsulu olan həmin yazıların böyük əksəriyyəti yazıldığı vaxtdan asılı olmayaraq, toxunduğu problemə və jurnalist-yazıçı sənətkarlığına görə indi də öz aktuallığını saxlayan nümunələrindəndir.
   Kitabdakı (I cilddə) publisistik yazılar içərisində 155 yaşlı ilk əlifba dərsliyimiz: “Əlifbeyi-Cədid” mənim xüsusilə diqqətimi çəkdi. Müəllif ilk  əlifba dərsliyimizdən fəxarət hissi ilə söz açır: “Nailiyyətlərimizin sorağı nə qədər tarixin dərinliklərindən gəlirsə, mədəniyyətimiz də bir o qədər qədimləşir. Biz keçmişdə olanları üzə çıxarmaqla bu qədimliyi ortaya qoymuş oluruq”.
  Deməliyəm ki, bu kitaba toplanmış bir-birindən maraqlı məqalələrin geniş oxucu kütləsinin  böyük marağına səbəb olacağına əminəm.
   İkinci cilddə isə  şeirlər toplanıb. Onlar öz səmimiliyi və mövzuca əhatəliliyi ilə seçilir:
Tut əlimdən büdrəmə,
Yolu min tin dünyadı.
Sənə asan gəlməsin,
Dünya çətin dünyadır.
   Kitabdakı şeirlərdə əsrarəngiz təsvir-ifadə vasitələri ilə rastlaşırsan ki, bu da müəllifin incə zövqündən və sənətkarlıq xüsusiyyətlərindən xəbər verir:
Yurdum qara bağlayır.
Köçünü soraqlayır,
Qələmim qan ağlayır,
Yazım gülməyir hələ.
   Gözəl təbiət təsvirləri insanın ruhunu oxşayır:
Bir əl dəydi çiynimə,
Çönüb gördüm yarpaqdır.
O, nə isə deyirdi,
Zənn edirdi torpaqdır.
   Şeirlərdən ana torpağımızın ətri gəir, qədim mədəniyyətimizin rəng çalarları sezilir.
Mən Məhəmməd Baharlıyam,
Rəqsim, sözümlə varlıyam.
Odur ki, çal-çağırlıyam,
Tərəkəmə havası çal!
“Tərəkəmə”! Qadası, çal!
   Üçüncü cilddə bir povest, hekayələr və yumorlar var. Bu kitabı müəllif özü “Proza” adlandırıb. Kitaba toplanmış nəsr əsərləri bir-birlərindən maraqlıdır. .Onlardakı incə yumor və səmimiyyət insanı düşündürür:
“... Balaca vaxtlarımda ən çox doktor Cəmişə həsəd aparırdım, onun evinə o qədər toyuq-cücə gətirirdilər ki. Sonralar gördüm ki, doktor nədir, ə, rayonumuzda elə tuz adamlar var ki, neçə-neçə doktor Cəmiş kimilərini ciblərində gəzdirərlər.
  İndi mən heç kəsə həsəd aparmıram. Elələri məgər birdir, ikidir? Artəq özüm də onların biriyəm, bu Hüsü canı! Axı həsəd aparmaq tərbiyəsizlərin işidir. Tərbiyəli adam gərək görə və götürə”.
  Müəllifin kitablarının IV cildi Pedaqogika( Məktəbdə pedaqoji işə rəhbərlik) adlanır.
  Əlbəttə, məktəbdə pedaqoji iş geniş və rəngarəng olduğundan ona rəhbərliyin də sahələri əhatəlidir. Bu kitabda daha vacib məsələlərin işıqlandırılması diqqət mərkəzində saxlanılmışdır.
   Kitab “Giriş,” “Ümumi pedaqoji rəhbərlik və nəzarət”, “Təlim prosesinin təkmilləşdirilməsinə rəhbərlik”, “Pedaqoji şura və direktoryanı müşavirə vasitəsilə təlim-tərbiyə işlərinə rəhbərlik”, “Metodik işlərin təşkilinə rəhbərlik”, “Valideynlərlə əlaqənin yaradılmasına və möhkəmləndirilməsinə rəhbərlik”, “Rəhbərlik işində fərdi xüsusiyyətlərin nəzərə alınması”, “Məktəb rəhbərləri üçün yaddaş” və “Nəticə” hissələrindən ibarətdir.
  Bu kitabda da müəllif çox səmimidir:
   “ Mən sizi sevirəm, müəllimlər!
   Siz həmişə arzuolunan, peşəniz həmişə yaşayandır. Buna baxmayaraq, müasirləşməyə, islahata bütün zamanlarda tələbat olacaq.
  Müasrlik indiki dövrün də tələbidir. Onsuz hər hansı bir işdə müvəffəqiyyət qazanmaq çətindir. Yeni insan tərbiyəsi üçün də bu, çox zəruridir”.

   Mən öz növbəmdə bütün  Azərbaycan dili və ədəbiyyat müəllimləri adından Məhəmməd müəllimə can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.  

Hiç yorum yok:

Yorum Gönder