R
|
espublikanın
ümumtəhsil məktəbləri üçün ana dili fənni və təlim digər dillərdə aparılan
məktəblər üçün Azərbaycan dili fənni kurikulumları haqqında.
Azərbaycan müstəqillik əldə etməsinin iyirmi
illiyi ərəfəsindədir. Tarix üçün çox kiçik olan bu zaman müddətində
respublikamız böyük sürətlə inkişaf edərək dünyanın qabaqcıl ölkələri arasında
ön sıralara yüksəlmişdir. Bildiyimiz kimi, hər bir xalqın inkişafı onun təhsili
ilə, elmi ilə bilavasitə bağlıdır.Heç kim üçün sirr deyil ki, təhsilimiz müasir
tələblərə tam cavab verə bilmir. Şagirdlərin dərs yükü çox
ağırdır. Bu isə onların informasiya ilə xeyli yüklənməsinə və nəticədə təlimlə
bağlı problemlərin yaranmasına səbəb olur. Cari sistem şagirdlərin müstəqil
tədqiqat aparması, düşünməsi, kitabxana və digər vasitələrdən istifadə etməsi
üçün zəmin yaratmır. Səhv olaraq hesab edilir ki, əgər şagirdlərə müəyyən
fənnin məzmunu öyrədilirsə, onlarda məhsuldarlıq və məsuliyyət kimi
keyfiyyətlər formalaşır; Fənlər vasitəsilə bilik və bacarıqların verilməsi
zamanı daha çox faktlardan istifadə olunur, məlumatların yadda saxlanmasına
üstünlük verilir. Fənlərin əksəriyyətində uşaqların təfəkkür və düşüncə
tərzini, qabiliyyətini inkişaf etdirən məzmun yoxdur;- Müxtəlif siniflər üzrə
eyni fənlərin məzmununda lazımsız təkrarlamalar mövcuddur ki, bunlar da təlim
nəticələrinin keyfiyyətinə lazımi diqqət yetirməyə maneçilik törədir;- Orta
məktəb məzunlarının real həyata hazırlanmasının vacibliyi kifayət qədər nəzərə
alınmır. Tədris proqramlarında həddən artıq elə məlumatlar mövcuddur ki,
şagirdlər onları əzbərləmək yolu ilə öyrənmək məcburiyyətində qalırlar. Bazar
cəmiyyəti üçün lazım olan bilik və bacarıqların öyrənilməsinə az əhəmiyyət
verilir. Məsələn, problem həlli, tənqidi düşünmə, fikir yürütmə, alternativ
izahatların axtarılması və digər bu kimi məsələlər tədris proqramlarında əsas
hədəf kimi qarşıya qoyulmur və s.Həqiqətən də, əgər ümumi təhsili orta
məktəblərdə oxuyan şagirdlər üçün müstəqil həyata hazırlıq dövrü
adlandırırıqsa, o zaman həmin müəssisələrin məzunlarının tədris edilən fənlər
üzrə zəruri biliklərə yiyələnməsi ilə yanaşı, cəmiyyətin faydalı üzvü olmaq,
həyatda müstəqil yaşamaq üçün onlara problemli vəziyyətlərdən çıxa bilmək,
rəqabətdən çəkinməmək, müstəqil qərarlar qəbul etmək, birgə fəaliyyət,
əməkdaşlıq, qeyri-standart düşünmək, ünsiyyət mədəniyyəti, tolerantlıq , təşkilatçılıq və sair vacib həyati bacarıqlar aşılanmalıdır. Təhsil
tarixinə diqqət yetirsək, hələ ta qədim zamanlardan eramızdan əvvəlki dövrlərdə
də təhsilə cəlb olunmuş uşaq və gənclərə zamanın tələbinə görə ilk növbədə
həyati bacarıqlar verilirdi. Natiqlik məharəti, aydın və səlis danışıq, ox
atmaq, qılınc oynatmaq, üzgüçülük, gimnastika o vaxtlar məktəb təliminin əsas
elementlərindən sayılırdı. Təbii ki, zaman ötdükcə bu dəyərlər də dövrün
ehtiyaclarına görə dəyişmiş, daha müasir hədəfləri əks etdirmişdir.Sovetlər
dönəmində həyata keçirilən ümumi təhsilin vəziyyəti ilə bağlı aparılan təhlil
və tədqiqatların nəticələrindən isə məlum olur ki, 80 ilə yaxın bir müddətdə
məktəblərimizdə daha çox tədris olunan fənlər üzrə nəzəri materialların
mənimsədilməsi, bir qayda olaraq, əsas məqsəd hesab edilmiş, bu fənlərin
təcrübi əhəmiyyətinə lazımi diqqət yetirilməmişdir. Əslində, ümumi təhsilin
bütövlükdə məzmunu yox, ayrı-ayrı fənlərin məzmunu işlənib hazırlanmışdır.
Fənlərin məzmunu isə müvafiq olmadığından yalnız fəsil, bəhs və mövzuları
əhatə etmiş, bunlar müəyyənləşdirilərkən bir sıra hallarda onların şagirdlər üçün nə
dərəcədə vacib olub-olmaması nəzərə alınmamışdır. Nəticədə nələr baş vermişdir:-
tədris proqramları və dərsliklər məzmun etibarı ilə ağırlaşdırılmış, bir çox
hallarda ikinci dərəcəli materiallarla yüklənmişdir;- tədris proqramları
hazırlanarkən şagirdlərin maraq dairəsi, potensial imkanları kifayət qədər
nəzərə alınmamış, onların bir çoxu, xüsusilə, riyaziyyat və təbiət fənləri üzrə
hətta minumum səviyyədə bilik və bacarıqlar qazanmadan formal olaraq
sinifdən-sinfə keçirilib təhsil sənədi almış, beləliklə də, məktəbin və
müəllimin nüfuzuna ciddi ziyan vurulmuşdur;- orta məktəbi bitirən məzunların
bir qisminə formal surətdə verilən təhsil sənədi müstəqil həyatda onlar üçün
əhəmiyyət kəsb etməmişdir;- müəyyən qrup şagirdlərin bu və ya digər fənləri
mənimsəyə bilməməsi səbəbləri araşdırılmadan onlara məktəbdə mənfi münasibət
bəslənilmiş, belə hallar həmin şagirdlərin təhsildən yayınmasına, “çətin
uşaqlar” siyahısına düşməsinə gətirib çıxarmışdır və s.Bütün bunları bir daha
diqqətə çatdırmağımız, əlbəttə, ictimaiyyətdə ümumi təhsil sahəsində
islahatların zəruriliyinə qəti əminlik yaratmaq, eyni zamanda vətəndaşlarımızın
islahatyönümlü tədbirlərə həssas münasibət göstərməsi, onların bu prosesdə fəal
iştirak etmələri ilə bağlı istəyimizdən irəli gəlir.Aparılan təhlil və
tədqiqatların obyektiv mövqedən formalaşdırılmış nəticələrinə
əsasən artıq Azərbaycan cəmiyyətində ümumi təhsilin məqsəd və vəzifələrinə,
məzmun istiqamətlərinə yeni baxış və yanaşma tərzi yaranmışdır. Müasir
dünya təcrübəsini əks etdirən həmin baxış və yanaşmalar 2006-cı ilin 30
oktyabrında Azərbaycan höküməti tərəfindən təsdiq olunmuş“ Azərbaycan
Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu) sənədinin
əsasını təşkil etmişdir. Ölkəmizin təhsil tarixində forma, məzmun və mahiyyətcə
tamamilə yeni bir hadisə olan bu sənəd konseptual xarakter daşımaqla İslahat
Proqramında irəli sürülən mühüm bir müddəanın -“təhsil alanın şəxsiyyət kimi
formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini
başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün
qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında
birləşdirən yeni təhsil sisteminin yaradılması” ideyasının reallaşdırılması
istiqamətində atılan ciddi addımlardan biri kimi qiymətləndirilməlidir.
Təsadüfi deyil ki, ümumi təhsilin konsepsiyası (Milli kurikulumu) sənədi həmin
müddəada ifadə olunmuş fikirlər nəzərə alınmaqla tələbyönümlülük,
nəticəyönümlülük, inteqrativlik prinsipləri əsasında hazırlanmış, şagirdlərin
təhsil səviyyələri üzrə ardıcıl inkişafı diqqət mərkəzində saxlanılmışdır.
Son zamanlar kurikulum islahatı geniş vüsət
almış, ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün müasir təhsilin bütün
tələblərinə cavab verən, fənlərin məzmun və fəaliyyət xətlərini , məzmun
standartlarını, fəndaxili və fənlərarası inteqrasiyanı özündə ehtiva edən və beynalxalq
ekspertlərin müsbət rəylərini almış fənn kurikulimları və bu kurikulimların
əsasında dərslik komplektləri hazırlanmışdır.Təhsilin digər pillələri üçün də
kurikulumların təkmilləşməsi işi davam edir.Sevindirici haldır ki, V-XI
siniflər üçün kurikulumların hazırlanması istiqamətində işlər davam
etdirilməkdədir. Respublikanın ümumtəhsil məktəbləri
üçün ana dili və təlim digər dillərdə aparılan məktəblər üçün Azərbaycan dili fənni
kurikulumları, onların tərkib hissəsi kimi məzmun standartları təsdiq olunaraq müəllimlərimizin
istifadəsinə verilmişdir.
Bildiyimiz kimi, Ana dili qüdrətli tərbiyə
vasitəsidir. Şagirdlər onun vasitəsilə milli-mənəvi sərvətlərimizi öyrənir,
əxlaqi dəyərlərə və yüksək insani keyfiyyətlərə yiyələnirlər. Ümumtəhsil
məktəblərində Ana dili təliminin məqsədi ümumi nitq və dil bacarıqlarını
formalaşdırmaqla şagirdlərin nitq mədəniyyətinə yiyələnmələrini təmin etməkdən
ibarətdir. Buna görə də:
• nitq və dil bacarıqlarına
yiyələnməklə ümumi nitq inkişafına nail olmaq;
• Ana dilinin düşünmə, öyrənmə
və danışma vasitəsi olmasını dərk etmək;
• davamlı təhsil prosesində,
praktik fəaliyyətdə istifadə üçün potensial bilik və bacarıqlara yiyələnmək
vacib hesab edilir.
Ana dili təliminin məzmunu nəticəyönümlü
standartlar əsasında hazırlanmışdır. Nəticələrin əvvəlcədən müəyyən olunması
onlara doğru yönəlmiş fəaliyyətlərin inkişafını izləmək və istiqamətləndirmək
üçün ardıcıl qiymətləndirmə aparılmasına imkan yaradır.
Məzmun standartları hazırlanarkən
şagirdlərin idraki, informativ- kommunikativ və qeyri-iradi fəaliyyətlərinin
əhatə olunması, düşünmə, emosional və psixomotor bacarıqlarının inkişaf
etdirilməsi nəzərdə tutulmuşdur. Bütün standartlar fəaliyyətlərə aid bacarıqlar
şəklində ifadə olunmuş, şagirdlərin bilik və bacarıqları ilə bağlı
nailiyyətlərini müəyyənləşdirmək diqqət mərkəzində saxlanılmışdır.
Ümumtəhsil məktəblərində ana dilinin tədrisi
milli maraqlar və dövlətçilik baxımından vacib məsələlərdən biri hesab edilir.
Dünya ölkələrində ana dilinin öyrədilməsi milli təfəkkürün formalaşmasında
mühüm vasitə kimi yüksək dəyərləndirilir. Milli Kurikulumlar bir qayda olaraq,
ana dili ilə başlanır. Təhsilin ümumi inkişaf səviyyəsini müəyyənləşdirmək üçün
keçirilən beynəlxalq və milli qiymətləndirmələrdə ana dili üzrə standartların
mənimsənilməsinə xüsusi diqqət yetirilir. Bütün bunlar isə bir fənn kimi ana
dilinin şəxsiyyətin formalaşmasındakı müstəsna rolu ilə bağlıdır. Firudin bəy
Köçərlinin fikrincə, “Ana dili millətin mənəvi diriliyidir... Ananın südü bədənin
mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır”.
Kurikulumda şagirdlərin biliyinin və əsas
səriştələrinin inkişafına yönəldilən təlim vəzifələri və məzmun vahidləri dəsti
aydın şəkildə təsvir edilmişdir.Eyni zamanda kurikulumlar şagirdlərin şəxsi inkişafı
və ictimai həyatda iştirakı üçün zəruri
olan ciddi dəyərlər və mövqelər dəstinin yaranmasına kömək edəcəklər.Bütün
bunlar şagirdlərin ehtiyaclarına, habelə Azərbaycanın gələcəkdə hərtərəfli
bilik cəmiyyəti qurmaq kimi mütərəqqi məqsədinə uyğun gəlir.Son 10-15 ildə ilk
dəfədir ki, təhsilin məzmunu təkmilləşdirilir, fəal və interaktiv tədrisin və
təlimin tətbiqi , habelə şagirdlərin cari qaydada özünüqiymətləndirməsi və
tədris fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi ilə əlaqədar olaraq
bütün müəllimlərə dəqiq məlumatlar verilir.İstənilən kurikulumun hazırlanması
əməliyyatının uğurlu olmasına dəlalət edən əsl meyar isə həmin kurikulumun
sinif otağında tətbiq edilməsidir.Sinif otaqında həyata keçirilən tədris və
təlim fəaliyyəti baxımından nisbətən yaxşı kurikulum təlim fəaliyyətinin daha
mənalı və səmərəli olması, habelə şagirdlərin gələcək həyat sınaqlarına daha
yaxşı hazırlaşması deməkdir.Bu məqsədə nail olmaq üçün hər şeydən əvvəl
səriştəli müəllim kadrlarına malik olmaq lazımdır.Mən bütün Azərbaycan dili və
ədəbiyyatı müəllimlərini ana dili fənni kurikulumunu sinif otaqlarına aparmağa
çağırıram.








Hiç yorum yok:
Yorum Gönder