21 Kasım 2013 Perşembe

SİNİFDƏNXARİC OXU ÜZRƏ İŞ


Bildiyimiz kimi, hər bir müstəqil ölkənin inkişafını şərtləndirən əsas amillərdən biri onun təhsil sistemidir. Ötən illərdə Azərbaycanın təhsil sistemində də köklü islahatlar aparılmış, böyük uğurlar qazanılmışdır. Əslində Azərbaycanın inkişafının təmin olunmasının təhsil sistemimizlə bağlılığı həyat fəlsəfəsinin, dövrün gerçəkliyinin ifadəsidir və bu sahədə dövlət miqyaslı islahatların həyata keçirilməsi Azərbaycanın bütün parametrlərdə inkişaf etdirilməsi tələbatından irəli gəlir.
Hazırda təhsilimizin qarşısında duran ən mühüm vəzifə yüksək bilik və bacarığa malik, öz vətənini böyük məhəbbətlə sevən, müstəqil düşüncəyə və yaradıcı  təfəkkürə malik, milli və bəşəri dəyərlərə hörmət edən şəxsiyyət formalaşdırmaqdır ki, bu vəzifənin əsas ağırlığı humanitar fənlərin, xüsusilə, Azərbaycan dili və ədəbiyyat fənlərinin üzərinə düşür.
Köklü islahat və dəyişiklərlə müşayiət olunan müasir təhsil konsepsiyasının üstünlüyü məhz ondadır ki, o, şəxsiyyətin formalaşmasını təhsil sisteminin başlıca vəzifəsi kimi dəyərləndirir. Əlbəttə, belə bir yanaşma cəmiyyət üçün təqdirəlayiqdir və bunun əsasında həyatımız üçün dəyərli və ləyaqətli şəxsiyyətlər yetişir. Bu prosesdə təlim struktur dəyişmələrinə məruz qalır,  hafizə unudulmamaq şərtilə idrak prosesləri dərinləşdirilir, şagirdlərdə müstəqil düşüncə və mühakimə yürütmək vərdişləri, əqli nəticə çıxartma bacarıqları formalaşdırılır. Bu təlim-tərbiyə isə yeni pedaqoji təfəkkürün təzahür formaları kimi meydana çıxır. Uzun illik təcrübəmdən bilirəm ki, şagird üçün ən maraqlı dərs bilavasitə onun özünün aktiv iştirak etdiyi, təfəkkür imkanlarına əsaslanan tədris məşğələsidir. Azərbaycan dili və ədəbiyyat dərslərində həyata keçirilən maraqlı interaktiv təlim metodlarından biri diskussiyadır. Müşahidələr göstərir ki, bu günün şagirdi diskussiya məzmunlu təlim prosesinə daha çox maraq göstərir, mübahisəyə girişməkdən, mövqeyini açıqlamaqdan çəkinmir, ədəbiyyat  dərslərində, xüsusilə bədii əsərlərin tədrisində müxtəlif məzmunlu və istiqamətli diskussiyaların aparılmasına əlverişli imkan yaranır.
Bədii əsərlərin təhlilinin diskussiya zəminində qurulması əsər haqqında, obrazların xaraktiriktikası barədə şagirdlərdə müstəqil fikir söyləmək bacarığı yartmaqla yanaşı, onlarda müsahibini dinləmək və növbə ilə danışmaq mədəniyyəti də formalaşdırır.
Mən “Dədə Qorqud” mövzusunu tədris edərkən sinifdənxarıc oxu materialı kimi həm Dədə Qoqud ədəbiyyatı nümunələrinə, həm də dastanın öz boylarına müraciət edirəm. Sinifdənxaric oxunu yekunlaşdırarkən isə diskussiya üsuluna üz tuturam. Yekunlaşdırıcı dərs  düsput şəklində aparılır və bu tədbirə  valideynlər də dəvət olunurlar. Çünki valideynlər də pedaqoji prosesin iştirakçılarından biridirlər.
Şagirdlər bu tədbirdə daha çox həvəslə iştirak etdilər.
Oxumağa həm Dədə Qorqud ədəbiyyatı nümunələri, həm də dastanın sonuncu boyu tapşırılır. Şagirdlər sinfin divarlarını “Dədə Qorqud” mövzularında çəkdikləri rəsmlərlə bəziyirlər. Əvvəlcə dastanın tarixi haqqında şagirdlərin internet vasitəsilə əldə etdikləri məlumatlar dinlənilir. Sonra  Dədə Qorqud ədəbiyyatının mahiyyəti haqqında məlumat verilir:
Dədə Qorqud ədəbbiyyatı zaman-zaman yeni nəsillərin tərbiyəsi işinə fəallıqla müdaxilə etmişdir. Bu ədəbiyyatın gücünü günümüzdə də əyani şəkildə görürük. Müasir ədəbiyyatımızda Dədə Qorqud motivlərində yazılmış bədii əsərlərin xüsusi çəkisi və yeri var.
Böyük rus filosofu və tənqidçisi Dobrolyubov yazırdı ki, xalq ağır çətinlik-sınaq qarşısında qalanda qəhrəmanlıq dastanlarımıza üz tutur, özündə güc tapır, öz azdlığı uğrunda mübarızəyə qalxır. Bu, vaxtilə bizdə də belə olub.
Dədə Qorqud ədəbiyyatı nəsrimizdə “Dədə Qorqud kitabı”nın 1950-ci illərdəki yasağına qədər, hələ 40-cı illərdən yer almışdır. M.Rzaquluzadənin Dədə Qorqud motivləri əsasənda qələmə aldığı hekayələrdən ibarət “El gücü” kitabına nəşriyyat tərəfindən yazılmış ön sözdə deyilirdi: “Burada müəllif həmin dastandakı mövzu və məzmundan istifadə ilə yeni hekayələr yazmışdır”. Bu kitab 1948-ci ildə nəşr olunub və “Dədə Qorqud kitabı” 1950-ci ildə yasaq edilib. Sonrakı nəsillər üçün isə bu kitabın gördüyü işi “Dədə Qorqud” filmi gördü.
Dədə Qorqud ədəbiyyatı belə yaranmağa başladı. Nəbi Xəzri mənzum “Burla xatun” dramını yazdı. Daha sonra Arif Abdullazadənin “Ulu Qorqud”u işıq üzü gördü. Güneydə isə Səhəndin “Sazımın sözü” dastanı Şəhriyarın “Heydər baba” sından sonra, sözün əsl mənasında bir era açdı. İş burasındadır ki, Səhəndin dastanı şimalda – sovet Azərbaycanında da güclü əks-səda yaratdı, necə deyərlər, Səttərxan marşı kimi səsləndi.
Sonra video və audiofayllardan istifadə edirəm. Fikrimcə, onların şagirdlərin diqqətini cəlb etməkdə rolu əvəzsizdir.Burada məşhur bir Çin deyimi yada düşür: “Mənə de, mən yaddan çıxarım. Mənə göstər, mən yadda saxlayım. Məni cəlb et, mən öyrənim”.
Əvvəlcə şagirdlərə “Dədə Qorqud” filmindən müxtəlif fotoşəkillər təqdim edirəm
Dədə Qorqudun qopuzu təqdim olunanda həm  qopuz, həm də saz haqqında müzakirələr açılır. Dastanın musiqisindən söz düşəndə isə məktəbin musiqi müəllimi şagirdlərə maraqlı məlumatlar verir. Daha sonra isə filmdən dastanın sonuncu boyu ilə səsləşən hissələr nümayiş etdirilir.
Müzakirələr başlanır. Şagirdlərin fikirləri dinlənilir, mübahisələr üçün də şərait yaradılır. Müəllimin sualları, əsasən, aşağıdakılardan ibarət olur:

-Sizin fikrinizcə, filmin dastandan fərqli bir şəkildə bitməsi uğurlu alınıb?
-Bəs siz ozünüz bu boya necə yaradıcı yanaşardınız?
-“Dədə Qorqud” möhtəşəm söz abidəmizdir” ifadəsi sizə nə deyir?
-Filmin dili haqqında nə deyə bilərsiniz?
- Filmdə bəzi məqamlarda bir çalğı aləti göstərilir, deyə bilərsizmi, o, hansı çalğı alətidir?
- Qopuz haqqında nə bilirsiniz? Onun sazdan fərqi nədir?
- “Dədə Qorqud” mövzularında komediyalar da yazılıb: Altay Məmmədovun “Dəli Domrul” və Kamal Abdullanın “Casus” komediyaları. Onları oxumaq istərdinizmi?
-“Dədə Qorqud” motivlərinin komik planda işlənməsini təqdir edirsinizmi?

    Tədbiri  aşağıdakı ifadələrlə  yekunlaşdırıram:
– Artıq Azərbaycan kinosunun klassikasına çevrilmiş “Dədə Qorqud” filmi bir sənət örnəyi kimi Azərbaycan durduqca o da var olacaq. Zərifliyi, qəhrəmanlığın ölməzliyini zaman-zaman göstərəcək və bəlli edəcək ki, milli sənət və mənəviyyatımız məhz belə örnəklər təməlində əbədi yaşarlıq və törədicilik gücündədir. Hələ illər öncə Türkiyədə nümayiş etdirilən və məşhur “Spartak” filmi ilə tutuşdurulan “Dədə Qorqud” filmi haqqında Ərgin Gözə əbəs yerə yazmırdı: “Dədə Qorqud” filmi göstərdi ki, bizim nağıl dediyimiz və deməyə məcbur edildiyimiz “Dədə Qorqud”da 16 dövlət qurmuş bir millətin mənəvi zənginliklərinin hamısı var. Elə əxlaqi mühtəva var ki, insanlığın hamısına yetər və artıq da qalar. Haramzada olmayan türk milləti əslini heç bir zaman inkar etməz və bir gün görərik ki, Azərbaycanla Türkiyənin babası eyniymiş: Dədə Qorqudumuş...” (Ərgin Gözə. “Dədə Qorqud”. “Tərcüman” qəzeti, 1983).
Anarın povesti və filmi Azərbaycan cəmiyyətində Dədə Qorqud kitabının özü boyda bir hadisə oldu.50-ci illərin yasağından sonra Qorqudun azərbaycanlı pasportuna sahiblənməsində bu povest və film çox iş gördü.Ən əsası da o oldu ki, Dədə Qordud kitabına müxtəlif yönlərdən diqqət veriməyə başlanıldı. Sonra bu iş davam edərək və böyüyərək 1997-ci ildə prezident fərmanı, möhtəşəm yubiley tədbirləri, o cümlədən Dədə Qorqud ensiklopediyasının yaranması ilə nəticələndi. Bütün bu tarixi-mədəni rezonansla yanaşı, Anarın əsəri dövrünün mükəmməl bədii hadisəsi oldu.Anar “Dədə Qorqud” kitabının bir mühüm əlamətini diqqətlə qorudu. Bu, kitabın dilinə məxsus gözəllik, şeiriyyət və təmiz türk intonasiyasıdır!
Çağımızın dünyaünlü böyük qırğız sənətkarı Çingiz Ayıtmatovun deyimincə, “öz ədəbi dinastiyasını yaratmış Anarın” ərən ruhu və susmaz qələmi onun müdrik, barlı yaşında bundan sonra da çiçəkləyəcək, mədəniyyətimizi əvəzsiz incilərlə zənginləşdirəcəkdir. 


Hiç yorum yok:

Yorum Gönder