5 Mayıs 2014 Pazartesi




Bədii üslubda obrazlılığın leksik səviyyədə təzahürlərinin öyrədilməsi.
                                     
  Sirr deyil ki, bədii üslubda obrazlılığın leksik səviyyədə təzahürlərinin müəyyənləşdirilməsi şagirdlərin ən çox çətinlik çəkdikləri mövzulardan biridir. Bu dərslərin tədrisi hər bir müəllimdən yüksək biliklə yanaşı, metodik ustalıq tələb edir. Hər şeydən əvvəl onu demək istərdim ki, müəllim hər hansı bir mövzu ilə bağlı öz biliyini nümayiş etdirməməlidir.Müəllimin bilikli olması heç kimdə, xüsusilə şagirddə şübhə doğura bilməz. Əsas məsələ mövzuya aid verilmiş biliklərə şagirdlərin müstəqil yanaşmasına və əldə etdiyi faktları təqdimat kimi verməsinə şərait yaratmaqdır. Ola bilər ki, şagird öz təqdimatında yanlışlığa yol versin. O zaman biliklərin qazanılması yolunda bələdçi mövqeyində dayanan müəllim şagirdi düzgün istiqamətləndirməlidir. Burada qeyd etmək də yerinə düşər ki, biz ənənəvi üsuldan tam imtina da edə bilmərik. Akademik M.Mehdizadənin belə bir fikri var: “Müasir dərs ənənəvi dərsin rasional toxumlarını inkar etmir”.
   Bu mövzu ilə bağlı  əvvəlki dərslərimi ənənəvi təlim əsasında qurmuşdum. Proqram materiallarında bu mövzunun tədrisinə kifayət qədər dərs saatı ayrılıb.Şagirdlərin aldıqları bilikləri tətbiq etmək üçün M.Müşfiqin “Yenə o bağ olaydı”, H.Cavidin “İblis”, S.Vurğunun “Aygün”, S.Rüstəmin “Təbrizim”, M.Şəhriyarın “Heydərbabaya salam” əsərlərinin mətlərindən istifadə etmişdim. Bütün bunlardan sonra yekunlaşdırıcı təkrar tipli “Mətn üzərində iş” mövzulu dərs var ki, bu dərsdə müəllim mətn seçməkdə sərbəstdir.Mən də M.Füzulinin “Leyli və Məcnun” əsərinin mətni üzərində işləməyi qərara aldım. Bu vaxt deməliyəm ki, şagirdlərin bir çoxu M.Füzuli yaradıcılığına məxsus beytlərin mənasını açmaqda çətinlik çəkirlər.Bəzi Azərbaycan dili və ədəbiyyat müəllimlərinin onlara haqq qazandırmaları və hətta onlarla həmfikir olmaları çox acınacaqlı haldır. M.Füzulinin “Leyli və Məcnun” əsərində obrazlılığın müəyyənləşdirilməsi həm də M.Füzuli poetikasının şagirdlər tərəfindən dərk olunmasına kömək məqsədi də daşıyırdı.Bilirik ki, M.Füzuli yaradıcılığı ilə şagird X sinifdə geniş şəkildə tanış olub.Uşaq bir yaş da böyüyüb. M.Füzuli yaradıcılığına o, bu dəfə sırf linqvistik baxımdan yanaşır. Əvvəlki dərslərdə mən şagirdlərə məcazların müəyyənləşdirilməsində cümlənin sintaksisinə fikir verməyin vacib olduğunu demişdim. Bu dərsdə də həmin üsuldan istifadə edəcəyəm. Qeyd edək ki, M.Füzuli dilinin aydınlığı, şəffaflığı onun sintaksisi ilə bağlıdır.Füzuli sintaksisində boşluq yoxdur, bir kiplik var. Artıqlıq da yoxdur, əskiklik də. Şair “Gər çox istərsən, Füzulu, izzətin, az et sözü” prinsipi ilə işləyir. Qeyd etmək istərdim ki, bugünkü sadə və mürəkkəb cümlə tiplərinin hamısı bütün qrammatik əlamətləri, semantik olçüləri ilə Füzuli dövründə təşəkkül tapıb.(H.Mirzazadə “Azərbaycan dilinin tarixi qrammatikası”Bakı, 1989)
   Dərsin səciyyəvi məqamlarına nəzər salaq.
   Əvvəlcə şagirdlərə üzərində sözlər yazılmış işçi vərəqləri təqdim olunur və onların mənasını izah etmək tələb olunur.O sözlər aşağıdakılardır: əbsəm, zinhar, dürcüdürü-şahvarım, məzadə.
   Cavabları dinləyirəm, sonra isə akvarium üsulundan istifadə edirəm. Belə ki, sözlərin mənasını düzgün tapan şagirdlər daxili dairədə əyləşir və onlara test təqdim olunur .Qalan şagirdlər isə xarici dairədə əyləşir. Onlar yoldaşlarını diqqətlə dinləyir, aydın olmayan və ya razı qalmadıqları məqamları qeyd edirlər.
   Daxili dairədəki şagirdlərə təqdim olunan test açıq test nümunəsidir.
   Hazırda ölkəmizdə qəbul imtahanlarında qapalı tipli test tapşırıqları formasından istiifadə edilir. Bu test tapşırıqları verilmiş cavablardan bir doğru cavabı seçməyə əsaslanan elektiv tapşırıqlardır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarında digər test tapşırığı formasından-açıq tipli(invetiv) test tapşırıqlarından da istifadə etməyi planlaşdırır.Bu nümunə həm də uşaqların açıq testlə işləmə vərdişlərinin formalaşdırılması məqsədi də daşıyır.
           Test nümunəsi:                                         
Bədii üslubda obrazlılığın leksik səviyyədə göstəriciləri baxımındın uyğunluğu müəyyən edin
1)    Metafora
2)    Təşbeh
3)    Metonimiya
A) Div ilə pəri olurmu həmdəm?a
     Olmaz sözü açma, əbsəm, əbsəm!

B) Lalə kimi səndə lütf çoxdur,
     Əmma nə deyim, üzün açıqdır.

 C) Ey iki gözüm, yaman olur ar!
      Namusumuzu itirmə zinhar!

D) Key munisi- ruzigarım ana!
     Dürcü-düri-şahvarım ana!
E) Dövran ki məni məzadə saldı,
     Bilməm kim idi satan, kim aldı?
Cavablar işgüzar səs-küy şəraitində müzakirə edilir.Qeyd etmək lazımdır ki, tapşırıq kifayət qədər mürəkkəbdir və müəllimə imkan verəcək ki, ən istedadlı və bacarıqlı şagirdini müəyyən edə bilsin.Müzakirələr zamanı, əlbəttə ki, müəllimin əlavə şərhinə, izahatına ehtitac duyuldu.
  Gəlin testdəki D variantına nəzər salaq. Bu variant doğru cavablar sırasında ola bilməz. Belə ki, bir çox hallarda epitet təşbehlə qarışıq salınır. Bu cəhət bənzəyənlə bənzədilənin iştirak etdiyi təşbeh növündə- mükəmməl təşbehdə daha çox özünü göstərir.Çünki şagirdlər üçün təşbehin dörd ünsürünün( bənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlaməti) də iştirak etdiyi növünü(müfəssəl təşbehi) müəyyənləşdirmək  nisbətən asan olduğu halda,təşbehin digər bir növü sayılan mükəmməl təşbehi tapmaq və onu epitetdən ayırmaq bir qədər çətindir.Nəzərə almaq lazımdır ki, epitetdə bənzədilən təyin kimi, mükəmməl təşbehdə isə xəbər kimi çıxış edir.Məhz bu baxımdan testin D variantında mükəmməl təşbeh yox, epitet var. Testin şərtində isə şagirddən epitet tapmaq tələb olunmur.
    Bildiyimiz kimi, klassik ədəbiyyatda(bəzən müasir ədəbiyyatda da) çox vaxt sevgili əvəzinə pəri sözü işlədilir. Bunlar da metafora sayılır.Metafora ilə metonimiya da şagirdlər tərəfindən çox vaxt qarışıq salınır.Metafora ilə metonimiyanın fərqləndirilmısində bir cəhəti xüsusilə nəzərə almaq lazımdır.Metonimiyadan fərqli olaraq, metafora təşbeh və epitet kimi  bənzətmə,müqayisə əsasında yaranır.Müqayisə- qarşılaşdırma zamanı buraxılan tərəfi bərpa etməklə metaforanı müfəssəl təşbehə çevirmək mümkün olduğu halda, metonimiyanı təşbehə çevirmək mümkün olmur, çünki o müqayisə, bənzətmə əsasında yaranmır.Deməli, A variantındakı nümunə metaforaya aiddir.
  Metafora ilə metonimiyanı fərqləndirməyə çalışarkən bir vacib amili də nəzərdən qaçırmaq olmaz, belə ki, metaforada metonimiyadan fərqli olaraq, köçürülən bənzətmə xüsusiyyəti (burada: hərəkət)bənzəyənin özü tərəfindən icra edilir. Bu baxımdan E variantındakı nümunəyə gəldikdə isə onu qeyd edə bilərəm ki, şagird əsərin məzmunu ilə tanışdır və bilir ki, bu nümunə Leylinin Məcnuna məktubundandır. Leylini “məzadə” salan dövran yox, dövranın adamlarıdır.Məhz buna görə də burada metonimiya var.
  Düzgün cavab variantı:1-A,C; 2-B; 3-E
   Sonra isə şagirdlər yerlərini dəyişirlər. Bu vaxt ekranda Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasından şagirdlər üçün seçdiyim nümunələrin işləndiyi hissələrdən fraqmentlər verilir. O fraqmentlər elə hazırlanıb ki, şagirdlər ümumi məzmunu başa düşsünlər. Sonra isə onlara test təqdim olunur. Bu test də açıq test nümunəsidir.( Qeyd edək ki, bu dəfə daxili dairədə oturanlar nisbətən zəif şagirdlərdir və əvvəlcədən görülmüş hazırlıq işləri onlara kömək məqsədi daşıyır.)
 Test nümunəsi:
M. Füzulini “ Leyli vəMəcnun” əsərindən verilmiş nümunələrdə obrazlılığın leksik səviyyədə göstəricilərini müəyyən edin.
1) Mübaliğə
2) Təzad
3) Təkrir

A) Yanar od olub çəkib zəbanə,
      Ol gülruxə dedi yanə-yanə.
                                                                
B) Bir türfə sənəm ki, əqli-kamil,
     Gördükdə onu olurdu zail.

C) Div ilə pəri olurmu həmdəm?
     Olmaz sözü açma, əbsəm, əbsəm!

D) Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm.
      Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.

E) Oldu dürü-əşki-biqərari,
     Qəbr içrə nigarının nisarı.                   

Doğru cavab:1-A,E; 2-B,D; 3-C,D
Gördüyümüz kimi bu test əvvəlki qədər mürəkkəb deyil. Bunun da səbəbi yuxarıda qeyd edildi.
  Yenə də cavablar işgüzar səs-küy şəraitində müzakirə edilir.Xarici dairədə əyləşən şagirdlər əllərindəki qiymət vərəqində müəllimin, daxili dairədəki yoldaşlarının və öz fəaliyyətlərini qiymətləndirirlər.
 Sonra isə müəllim meyarlər cədvəli əsasında qiymətləndirmə aparır.





Qruplar
“Daxili dairə”
“Xarici dairə”
Meyarlar


İşgüzar müsahibə


Yoldaşları ilə əməkdaşlıq etmək


Bir-birini dinləmə mədəniyyəti


Təqdimetmə və nəticə
çıxarma


Vaxtdan səmərəli istifadə etmək



Ev tapşırığı:M.Füzulinin “Leyli və Məcnun” əsərinin mətnindən obrazlılığın leksik səviyyədə göstəricilərinin olduğu nümunələr seçmək.     

Hiç yorum yok:

Yorum Gönder