6 Mayıs 2014 Salı


             MÜASİR TƏHSİLƏ LİRİK BAXIŞ



R
espublikanın ümumtəhsil məktəbləri üçün ana dili fənni və təlim digər dillərdə aparılan məktəblər üçün Azərbaycan dili fənni kurikulumları haqqında.
  Azərbaycan müstəqillik əldə etməsinin iyirmi  beş illiyi ərəfəsindədir. Tarix üçün çox kiçik olan bu zaman müddətində respublikamız böyük sürətlə inkişaf edərək dünyanın qabaqcıl ölkələri arasında ön sıralara yüksəlmişdir. Bildiyimiz kimi, hər bir xalqın inkişafı onun təhsili ilə, elmi ilə bilavasitə bağlıdır.Heç kim üçün sirr deyil ki, təhsilimiz müasir tələblərə tam cavab verə bilmir. Şagirdlərin dərs yükü çox ağırdır. Bu isə onların informasiya ilə xeyli yüklənməsinə və nəticədə təlimlə bağlı problemlərin yaranmasına səbəb olur. Cari sistem şagirdlərin müstəqil tədqiqat aparması, düşünməsi, kitabxana və digər vasitələrdən istifadə etməsi üçün zəmin yaratmır. Səhv olaraq hesab edilir ki, əgər şagirdlərə müəyyən fənnin məzmunu öyrədilirsə, onlarda məhsuldarlıq və məsuliyyət kimi keyfiyyətlər formalaşır; Fənlər vasitəsilə bilik və bacarıqların verilməsi zamanı daha çox faktlardan istifadə olunur, məlumatların yadda saxlanmasına üstünlük verilir. Fənlərin əksəriyyətində uşaqların təfəkkür və düşüncə tərzini, qabiliyyətini inkişaf etdirən məzmun yoxdur;- Müxtəlif siniflər üzrə eyni fənlərin məzmununda lazımsız təkrarlamalar mövcuddur ki, bunlar da təlim nəticələrinin keyfiyyətinə lazımi diqqət yetirməyə maneçilik törədir;- Orta məktəb məzunlarının real həyata hazırlanmasının vacibliyi kifayət qədər nəzərə alınmır. Tədris proqramlarında həddən artıq elə məlumatlar mövcuddur ki, şagirdlər onları əzbərləmək yolu ilə öyrənmək məcburiyyətində qalırlar. Bazar cəmiyyəti üçün lazım olan bilik və bacarıqların öyrənilməsinə az əhəmiyyət verilir. Məsələn, problem həlli, tənqidi düşünmə, fikir yürütmə, alternativ izahatların axtarılması və digər bu kimi məsələlər tədris proqramlarında əsas hədəf kimi qarşıya qoyulmur və s.Həqiqətən də, əgər ümumi təhsili orta məktəblərdə oxuyan şagirdlər üçün müstəqil həyata hazırlıq dövrü adlandırırıqsa, o zaman həmin müəssisələrin məzunlarının tədris edilən fənlər üzrə zəruri biliklərə yiyələnməsi ilə yanaşı, cəmiyyətin faydalı üzvü olmaq, həyatda müstəqil yaşamaq üçün onlara problemli vəziyyətlərdən çıxa bilmək, rəqabətdən çəkinməmək, müstəqil qərarlar qəbul etmək, birgə fəaliyyət, əməkdaşlıq, qeyri-standart düşünmək, ünsiyyət mədəniyyəti, tolerantlıq və dözümlülük, təşkilatçılıq və sair vacib həyati bacarıqlar aşılanmalıdır. Təhsil tarixinə diqqət yetirsək, hələ ta qədim zamanlardan eramızdan əvvəlki dövrlərdə də təhsilə cəlb olunmuş uşaq və gənclərə zamanın tələbinə görə ilk növbədə həyati bacarıqlar verilirdi. Natiqlik məharəti, aydın və səlis danışıq, ox atmaq, qılınc oynatmaq, üzgüçülük, gimnastika o vaxtlar məktəb təliminin əsas elementlərindən sayılırdı. Təbii ki, zaman ötdükcə bu dəyərlər də dövrün ehtiyaclarına görə dəyişmiş, daha müasir hədəfləri əks etdirmişdir.Sovetlər dönəmində həyata keçirilən ümumi təhsilin vəziyyəti ilə bağlı aparılan təhlil və tədqiqatların nəticələrindən isə məlum olur ki, 80 ilə yaxın bir müddətdə məktəblərimizdə daha çox tədris olunan fənlər üzrə nəzəri materialların mənimsədilməsi, bir qayda olaraq, əsas məqsəd hesab edilmiş, bu fənlərin təcrübi əhəmiyyətinə lazımi diqqət yetirilməmişdir. Əslində, ümumi təhsilin bütövlükdə məzmunu yox, ayrı-ayrı fənlərin məzmunu işlənib hazırlanmışdır. Fənlərin məzmunu isə müvafiq olmadığından yalnız fəsil, bəhs və mövzuları  əhatə etmiş, bunlar müəyyənləşdirilərkən bir  sıra hallarda onların şagirdlər üçün nə dərəcədə vacib olub-olmaması nəzərə alınmamışdır. Nəticədə nələr baş vermişdir:- tədris proqramları və dərsliklər məzmun etibarı ilə ağırlaşdırılmış, bir çox hallarda ikinci dərəcəli materiallarla yüklənmişdir;- tədris proqramları hazırlanarkən şagirdlərin maraq dairəsi, potensial imkanları kifayət qədər nəzərə alınmamış, onların bir çoxu, xüsusilə, riyaziyyat və təbiət fənləri üzrə hətta minumum səviyyədə bilik və bacarıqlar qazanmadan formal olaraq sinifdən-sinfə keçirilib təhsil sənədi almış, beləliklə də, məktəbin və müəllimin nüfuzuna ciddi ziyan vurulmuşdur;- orta məktəbi bitirən məzunların bir qisminə formal surətdə verilən təhsil sənədi müstəqil həyatda onlar üçün əhəmiyyət kəsb etməmişdir;- müəyyən qrup şagirdlərin bu və ya digər fənləri mənimsəyə bilməməsi səbəbləri araşdırılmadan onlara məktəbdə mənfi münasibət bəslənilmiş, belə hallar həmin şagirdlərin təhsildən yayınmasına, “çətin uşaqlar” siyahısına düşməsinə gətirib çıxarmışdır və s.Bütün bunları bir daha diqqətə çatdırmağımız, əlbəttə, ictimaiyyətdə ümumi təhsil sahəsində islahatların zəruriliyinə qəti əminlik yaratmaq, eyni zamanda vətəndaşlarımızın islahatyönümlü tədbirlərə həssas münasibət göstərməsi, onların bu prosesdə fəal iştirak etmələri ilə bağlı istəyimizdən irəli gəlir.Aparılan təhlil və tədqiqatların obyektiv mövqedən formalaşdırılmış nəticələrinə əsasən artıq Azərbaycan cəmiyyətində ümumi təhsilin məqsəd və vəzifələrinə, məzmun istiqamətlərinə yeni baxış və yanaşma tərzi yaranmışdır. Müasir dünya təcrübəsini əks etdirən həmin baxış və yanaşmalar 2006-cı ilin 30 oktyabrında Azərbaycan höküməti tərəfindən təsdiq olunmuş“ Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu) sənədinin əsasını təşkil etmişdir. Ölkəmizin təhsil tarixində forma, məzmun və mahiyyətcə tamamilə yeni bir hadisə olan bu sənəd konseptual xarakter daşımaqla İslahat Proqramında irəli sürülən mühüm bir müddəanın -“təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” ideyasının reallaşdırılması istiqamətində atılan ciddi addımlardan biri kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, ümumi təhsilin konsepsiyası (Milli kurikulumu) sənədi həmin müddəada ifadə olunmuş fikirlər nəzərə alınmaqla tələbyönümlülük, nəticəyönümlülük, inteqrativlik prinsipləri əsasında hazırlanmış, şagirdlərin təhsil səviyyələri üzrə ardıcıl inkişafı diqqət mərkəzində saxlanılmışdır.
  Son zamanlar kurikulum islahatı geniş vüsət almış, ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün müasir təhsilin bütün tələblərinə cavab verən, fənlərin məzmun və fəaliyyət xətlərini , məzmun standartlarını, fəndaxili və fənlərarası inteqrasiyanı özündə ehtiva edən və beynalxalq ekspertlərin müsbət rəylərini almış fənn kurikulimları və bu kurikulimların əsasında dərslik komplektləri hazırlanmışdır.Təhsilin digər pillələri üçün də kurikulumların təkmilləşməsi işi davam edir.
    Bildiyimiz kimi, Ana dili qüdrətli tərbiyə vasitəsidir. Şagirdlər onun vasitəsilə milli-mənəvi sərvətlərimizi öyrənir, əxlaqi dəyərlərə və yüksək insani keyfiyyətlərə yiyələnirlər. Ümumtəhsil məktəblərində Ana dili təliminin məqsədi ümumi nitq və dil bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq mədəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir. Buna görə də:

• nitq və dil bacarıqlarına yiyələnməklə ümumi nitq inkişafına nail olmaq;

• Ana dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olmasını dərk etmək;

• davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial bilik və bacarıqlara yiyələnmək vacib hesab edilir.

  Ana dili təliminin məzmunu nəticəyönümlü standartlar əsasında hazırlanmışdır. Nəticələrin əvvəlcədən müəyyən olunması onlara doğru yönəlmiş fəaliyyətlərin inkişafını izləmək və istiqamətləndirmək üçün ardıcıl qiymətləndirmə aparılmasına imkan yaradır.
   Məzmun standartları hazırlanarkən şagirdlərin idraki, informativ- kommunikativ və qeyri-iradi fəaliyyətlərinin əhatə olunması, düşünmə, emosional və psixomotor bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Bütün standartlar fəaliyyətlərə aid bacarıqlar şəklində ifadə olunmuş, şagirdlərin bilik və bacarıqları ilə bağlı nailiyyətlərini müəyyənləşdirmək diqqət mərkəzində saxlanılmışdır.
    Ümumtəhsil məktəblərində ana dilinin tədrisi milli maraqlar və dövlətçilik baxımından vacib məsələlərdən biri hesab edilir. Dünya ölkələrində ana dilinin öyrədilməsi milli təfəkkürün formalaşmasında mühüm vasitə kimi yüksək dəyərləndirilir. Milli Kurikulumlar bir qayda olaraq, ana dili ilə başlanır. Təhsilin ümumi inkişaf səviyyəsini müəyyənləşdirmək üçün keçirilən beynəlxalq və milli qiymətləndirmələrdə ana dili üzrə standartların mənimsənilməsinə xüsusi diqqət yetirilir. Bütün bunlar isə bir fənn kimi ana dilinin şəxsiyyətin formalaşmasındakı müstəsna rolu ilə bağlıdır. Firudin bəy Köçərlinin fikrincə, “Ana dili millətin mənəvi diriliyidir... Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır”.
  Kurikulumda şagirdlərin biliyinin və əsas səriştələrinin inkişafına yönəldilən təlim vəzifələri və məzmun vahidləri dəsti aydın şəkildə təsvir edilmişdir.Eyni zamanda kurikulumlar şagirdlərin şəxsi inkişafı və ictimai həyatda iştirakı üçün  zəruri olan ciddi dəyərlər və mövqelər dəstinin yaranmasına kömək edəcəklər.Bütün bunlar şagirdlərin ehtiyaclarına, habelə Azərbaycanın gələcəkdə hərtərəfli bilik cəmiyyəti qurmaq kimi mütərəqqi məqsədinə uyğun gəlir.Son 10-15 ildə ilk dəfədir ki, təhsilin məzmunu təkmilləşdirilir, fəal və interaktiv tədrisin və təlimin tətbiqi , habelə şagirdlərin cari qaydada özünüqiymətləndirməsi və tədris fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi ilə əlaqədar olaraq bütün müəllimlərə dəqiq məlumatlar verilir.İstənilən kurikulumun hazırlanması əməliyyatının uğurlu olmasına dəlalət edən əsl meyar isə həmin kurikulumun sinif otağında tətbiq edilməsidir.Sinif otaqında həyata keçirilən tədris və təlim fəaliyyəti baxımından nisbətən yaxşı kurikulum təlim fəaliyyətinin daha mənalı və səmərəli olması, habelə şagirdlərin gələcək həyat sınaqlarına daha yaxşı hazırlaşması deməkdir.Bu məqsədə nail olmaq üçün hər şeydən əvvəl səriştəli müəllim kadrlarına malik olmaq lazımdır.Mən bütün Azərbaqycan dili və ədəbiyyatı müəllimlərini ana dili fənni kurikulumunu sinif otaqlarına aparmağa çağırıram.

















































































Hiç yorum yok:

Yorum Gönder