“Azərbaycan dili və ədəbiyyatı
tədrisi” jurnalının baş redaktoru Məhəmməd Baharlının dörd cilddə kitabları
işıq üzü görüb.
"Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı 60 ilə
yaxındır ki, dilimizin öyrənilməsinə elmi-metodik yardım edir. Əsası 1954-cü ildə
qoyulmuş bu mətbuat orqanı uzun illər "Azərbaycan məktəbi" jurnalının
metodik əlavəsi kimi fəaliyyət göstərib. 1990-cı illərdə müstəqil redaksiyası
yaradılaraq əvvəlcə "Ana sözü" adı altında nəşr edilməyə başlanıb,
sonra isə yenidən ilk adına qaytarılıb. O, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin elmi-metodik mətbu orqanıdır. Jurnalda ədəbiyyatşünaslıq və
dilçiliyə, dil və ədəbiyyatın tədrisi tarixinə, qloballaşan dünyamızda baş verən
mühüm ədəbi proseslərə, yeniliklərə dair yazılar verilir
"Elm və təhsil" nəşriyyatı
”Azərbaycan dili və ədəbiyyatı” jurnalının redaktoru, tanınmış tədqiqatçı-jurnalist
Məhəmməd Baharlının "Seçilmiş əsərləri"ni çapdan buraxıb. Nəfis
tərtibatla, yüksək poliqrafik icra keyfiyyəti ilə çap olunmuş dördcildlikdə
müəllifin çoxşaxəli və zəngin yaradıcılığının ən dəyərli nümunələri yer alıb.
Birinci cilddə axtarışlar və tapıntılar, görüşlər və xatirələr,
tarix, ədəbiyyat, cəmiyyət, təhsil və digər taleyüklü milli məsələlr barədə
mülahizələri yer almışdır.Bu yazılar, demək olar ki, elmi, tarixi, pedaqoji
publisistikanın ən gözəl nümunələridir. Qırx beş illik
yaradıcılıq dövrünün məhsulu olan həmin yazıların böyük əksəriyyəti
yazıldığı vaxtdan asılı olmayaraq, toxunduğu problemə və jurnalist-yazıçı sənətkarlığına
görə indi də öz aktuallığını saxlayan nümunələrindəndir.
Kitabdakı (I cilddə) publisistik yazılar içərisində 155 yaşlı ilk əlifba
dərsliyimiz: “Əlifbeyi-Cədid” mənim xüsusilə diqqətimi çəkdi. Müəllif ilk əlifba dərsliyimizdən fəxarət hissi ilə söz
açır: “Nailiyyətlərimizin sorağı nə qədər tarixin dərinliklərindən gəlirsə, mədəniyyətimiz
də bir o qədər qədimləşir. Biz keçmişdə olanları üzə çıxarmaqla bu qədimliyi
ortaya qoymuş oluruq”.
Deməliyəm ki, bu kitaba toplanmış
bir-birindən maraqlı məqalələrin geniş oxucu kütləsinin böyük marağına səbəb olacağına əminəm.
İkinci
cilddə isə şeirlər toplanıb. Onlar öz səmimiliyi və
mövzuca əhatəliliyi ilə seçilir:
Tut əlimdən büdrəmə,
Yolu min tin dünyadı.
Sənə asan gəlməsin,
Dünya çətin dünyadır.
Kitabdakı şeirlərdə əsrarəngiz təsvir-ifadə
vasitələri ilə rastlaşırsan ki, bu da müəllifin incə zövqündən və sənətkarlıq
xüsusiyyətlərindən xəbər verir:
Yurdum qara bağlayır.
Köçünü soraqlayır,
Qələmim qan ağlayır,
Yazım gülməyir hələ.
Gözəl təbiət
təsvirləri insanın ruhunu oxşayır:
Bir əl dəydi çiynimə,
Çönüb gördüm yarpaqdır.
O, nə isə deyirdi,
Zənn edirdi torpaqdır.
Şeirlərdən ana torpağımızın ətri gəir, qədim
mədəniyyətimizin rəng çalarları sezilir.
Mən Məhəmməd Baharlıyam,
Rəqsim, sözümlə varlıyam.
Odur ki, çal-çağırlıyam,
Tərəkəmə havası çal!
“Tərəkəmə!” Qadası, çal!
Üçüncü
cilddə bir povest, hekayələr və yumorlar var. Bu kitabı müəllif özü “Proza”
adlandırıb. Kitaba toplanmış nəsr əsərləri bir-birlərindən maraqlıdır. .Onlardakı
incə yumor və səmimiyyət insanı düşündürür:
“... Balaca vaxtlarımda ən çox doktor Cəmişə həsəd
aparırdım, onun evinə o qədər toyuq-cücə gətirirdilər ki. Sonralar gördüm ki,
doktor nədir, ə, rayonumuzda elə tuz adamlar var ki, neçə-neçə doktor Cəmiş
kimilərini ciblərində gəzdirərlər.
İndi mən
heç kəsə həsəd aparmıram. Elələri məgər birdir, ikidir? Artıq özüm də onların
biriyəm, bu Hüsü canı! Axı həsəd aparmaq tərbiyəsizlərin işidir. Tərbiyəli adam
gərək görə və götürə”.
Müəllifin
kitablarının IV cildi Pedaqogika( Məktəbdə pedaqoji işə rəhbərlik) adlanır.
Əlbəttə, məktəbdə pedaqoji iş geniş və rəngarəng
olduğundan ona rəhbərliyin də sahələri əhatəlidir. Bu kitabda daha vacib məsələlərin
işıqlandırılması diqqət mərkəzində saxlanılmışdır.
Kitab “Giriş,” “Ümumi pedaqoji rəhbərlik və nəzarət”,
“Təlim prosesinin təkmilləşdirilməsinə rəhbərlik”, “Pedaqoji şura və
direktoryanı müşavirə vasitəsilə təlim-tərbiyə işlərinə rəhbərlik”, “Metodik
işlərin təşkilinə rəhbərlik”, “Valideynlərlə əlaqənin yaradılmasına və möhkəmləndirilməsinə
rəhbərlik”, “Rəhbərlik işində fərdi xüsusiyyətlərin nəzərə alınması”, “Məktəb rəhbərləri
üçün yaddaş” və “Nəticə” hissələrindən ibarətdir.
Bu kitabda
da müəllif çox səmimidir:
“ Mən sizi
sevirəm, müəllimlər!
Siz həmişə
arzuolunan, peşəniz həmişə yaşayandır. Buna baxmayaraq, müasirləşməyə, islahata
bütün zamanlarda tələbat olacaq.
Müasrlik indiki dövrün də tələbidir. Onsuz hər
hansı bir işdə müvəffəqiyyət qazanmaq çətindir. Yeni insan tərbiyəsi üçün də
bu, çox zəruridir”.
Mən öz növbəmdə bütün Azərbaycan dili və ədəbiyyat müəllimləri
adından Məhəmməd müəllimə can sağlığı və yeni-yeni yaradıcılıq uğurları
arzulayıram.
Hiç yorum yok:
Yorum Gönder