7 Mayıs 2014 Çarşamba

                                  Sufizm və məhəbbət dastanlarımız.


    İslam dünyasında əmələ gələn sosial-siyasi durum bir qrup insanın cəmiyyətdən uzaqlaşmasına, tərkidünyalığa gətirib çıxartdı.Hadisələrin mahiyyətini Allah nurunun qəlblərdə sönməsi kimi anlayan bu ilk tərki-dünya zahidlər və riyazətçilər (özlərinə əziyyəti rəva görənlər) sükunəti, ədaləti ibadətdə, gecə-gündüz Quran oxumaqda tapdılar. Tədricən İmam Cəfəri Sadiqin rəhbərliyi ilə bir qrup müsəlman İslamın fəlsəfi əsaslarını hazılamağı qarşılarına məqsəd qoydular. Onlar öz təlimlərinin nəzəri bazasını, terminoloji aparatını da yaratdılar.Ancaq bu hələ sözün əsl mənasında təsəvvüf deyildi.Təsəvvüfə gedən yolun başlanğıcı idi. Sufizm təbii ki, terminoloji aparatdan, nəzəri bazadan çox yararlandı.İlk dövr sufiləri (şərti anlamda) insanların ruhi halını, haldan hala düşməsini öyrənir, halı Allah vergisi adlandırırdılar. Haldan hala düşmə bu ilk sufilərə görə, mənəvi təmizlənmədə başlıca şərt idi.İlk sufilər biliklə, praktik fəaliyyətlə fəlsəfi bazanı hazırlayırdılar.Bu hazırlıq artıq IX yüzildə Bəyazid Bistami, Cüneyd Bağdadi, Həllac Mənsur kimi klassik sufiləri yetişdirdi.Beləliklə, sufizmi yaradan sosial-fəlsəfi şərtlər şiəliyi formalaşdıran imamlardan, xüsusilə də Cəfəri Sadiqdən qidalanmışdır.
  Sufizm insanı fasiləsiz olaraq İdeala- Haqqa yaxınlaşdırır. Ruh dünyaya sığmır, dünyadan yüksəkdə dayanıb onun mənasından danışır. Bu fəlsəfədə Haqq arzu olunan, istənilən Ali Təzahürdür.
  Təsəvvüf 4 mərhələdə, 40 məqamda Məqsədə gedən yoldur.
1.    Şəriət
2.    Təriqət
3.    Mərifət
4.    Həqiqət
 Birinci mərhələdə din tərəfindən qəbul olunmuş qanun və vəzifələr yerinə yetirilir.
  İkinci mərhələ sufizmin əsas mənəvi cəhətdən artma, daxili özüylə döyüş mərhələsidir. Təriqət yol deməkdir. Yolun uzunluğu təsəvvüf yolçusunun öz qüdrətindən asılıdır.Təriqət hallar və məqamlar silsiləsində bütövləşir.
  Məqam kamillik mərhələsidir.
   Hal  hər məqamı, mərtəbəni tamamlayan, yolçunu yeni məqamlara hazırlayan  və nəhayət, Haqqa qovuşduran ilahi vergidir. Hal qəfil gəlir, ani olur. Məqam sabitdir, tam psixoloji vəziyyətdir.
    Özünəhesabat, özünənəzarət və daxili müşahidə hal və məqamlardır.
    Təriqət təmizlənmələr, təblər, vəhylər silsiləsidir.
    Üçüncü təsəvvüf mərhələsi mərifət adlanır. Mərifət məqamında Sufi daxilindəki miskinliklə, zəlilliklə, köləliklə döyüşüb Tanrı miskininə, tanrı quluna, İlahi eşq xəstəsinə çevrilir.
    Sonuncu 4- cü mərhələdə  təsəvvüf yolçusu Ucalar ucası qarşısında zərrəyə döndüyünü və bu Ucalığın bir Zərrəsi olduğunu dərk edir, sirlər onun qarşısında pünhanlığını itirir, kamilliyə, pirliyə yetişən sufi “mülk sahibinin ətəyinə üz qoyur”, işıqlanır, nur saçır, vəhylər, ehtizazlar, vəcdlər içində Bəxtiyarlıq və Sonsuzluğa qovuşur.O, İlahi Eşqinə minacatlar deyir. İlham bədahətən, fasiləsiz çuğlayır onu. Bu, həqiqətə qovuşma mərhələsinin möcüzələridir.
   XII yüzillikdən sonra bütün İslam dünyasını bürüyən sufi təriqətləri hər yerdə xanagahlar, təkkələr açdılar.Beləliklə, İslam dünyasında bir tərəfdə şəriəti, fiqhi, din tarixini, bir sözlə, rəsmi islam elmlərini öyrədən mədrəsələr vardısa, digər tərəfdə Allaha qovuşmaq yollarını öyrədən idrak sistemi dururdu.Mədrəsələr Qurandan, hədislərdən, təfsirlərdən ən yaxşı halda isə kəlamdan başqa qalan elmləri öyrətməyi lazım bilmirdi.Xanagahlar, təkkələr əksinə haqqı dərk etmək yolunda Quranla, hədislərlə, təfsirlərlə yanaşı  musiqini, rəqsi, şeiri də vacib sayırdılar.Nəzəri sufi ocaqlarında şeyxin təriqətin bu və ya digər məsələsi ilə bağlı traktatı, başqa böyük sufinin təlimi öyrədilirdi.Mədrəsədən İslamın ehkam və göstərişlərindən kənara çıxmayan quru din nümayəndəsi, molla çıxırdısa, təkkələrdən Allahın hər şeyin əzəli və sonu olduğunu bilən, onu hər yerdə və hər şeydə görən, Allah eşqinə canından, malından keçən dərviş çıxırdı.Sadə xalq mürəkkəb ritual sistemi olan rəsmi İslamdan çox, möcüzə və kəramətləri ilə seçilən sufizmə meyl edirdi.Bunu biz şifahi xalq ədəbiyyatı nümunələrində, xüsusilə də, dastanlarımızda açıq-aydın görürük. XI-XII yüzillklərdə yaranan türk sufizmi əski mədəniyyətin müsəlman konteksində təqdimindən başqa bir şey deyildir.Mənqəbələrdə verilən türk dərvişlərinin kəramətləri semantik-struktur cəhəti ilə şaman möcüzələrinin eynidir.
  Beləliklə, dastan türk epik təfəkkürünün reallaşmış mətn faktı kimi özündə türkün dünya haqqında təsəvvürlər kompleksini bu janr çərçivəsində və onun qəlibində müvafiq elementlərlə (obraz, motiv, süjet) ifadə edir və əski türk cəmiyyətinin bütün etnik-mədəni keyfiyyətlərini özündə cəmləşdirməklə harmoniyanın bərpası modelini təqdim edir.Məhəbbət dastanlarımızın quruluşu da ilk öncə ənənə hadisəsidir.Azərbaycan dastanları ənənəvi quruluşa malikdir.M.Cəfərli yazırdı: “Məhəbbət dastanlarında məşuqə ilahi gözəlliyin daşıyıcısı, İlahinin təcəllasıdır.Bu baxımdan dərviş-Xızır, Həzrət Əli aşiqlə məşuq arasında , əslində bu dünya ilə o dünya arasında , insanlar dünyası ilə İlahi Dünya arasında vasitəçilik edirlər.Bu vasitəçilik dastanda həm birbaşa vasitəçilikdir(bu yolla qəhrəmanlar dünyaya gəlirlər, bir-biri ilə buta yolu ilə nişanlanırlar), vasitəçilik həm də xilaskarlıq şəklində təzahür edir: mediator qəhrəmanı xilas edir. İşə qarışmalı olur.Orasını da yada salaq ki, bütün xilaskarlıqlar möcüzəli olur.Döyüşən qəhrəmanın sinəsinə söz doldurur,ona verilmiş müəammaların cavabını sirli şəkildə qəhrəmana “pıçıldayır”.Aşiq qəhrəman bütün hallarda öz hamisinin köməyi ilə qələbə qazanır”.
  Gördüyümüz kimi, bütün parametrlərdə sufi ədəbiyyatı, ideologiyası və fəlsəfəsi ilə bağlı olan eşq dastanları təkkəyə bağlı aşıqlar tərəfindən düzülüb qoşulduğundan sufi ədəbiyyatının bir nümunəsidir.
  Məhəbbət dastanlarının başlıca xarakterik cəhəti onun başdan-başa vergi(buta) üzərində qurulmasıdır.Türk-İslam təfəkküründə vergi(buta) Tanrı niyazıdır. Buta əslində tamlıq, vəhdət rəmzidir.Butanı verən saqi, dərviş, pir, mürşid, hz.Əli, Xızır aşiqi vəhdətə çağırır. Eşq dastanlarında bu vəhdətə haqq deyildiyindən ona çatmağa can atan qəhrəmana da haqq aşiqi (yəni haqqa aşiq olmuş, haqdan başqa heç bir şeyi görməyən, haqq deyib haqq sözü danışan vəs.) deyilir.Tanrı vergisi olan aşiqlik eşqnamələrdə buta şəklində variasiya edilir.Butanın tamlıq rəmzi olduğunu göstərən bir element də dastanlarda verginin həm oğlana, həm də qıza eyni anda verilməsidir.Əksər dastanlarda buta aşiqə nur şərabı şəklində içirilir:
-Bava dərviş, mən müsəlmanam, şərab bizə haramdı!
Dərviş dedi:
-İç,oğlum! Bu, şərab deyil, eşq badəsidir.Sən çox-çox çətinliklərdən keçəjəksən, çox əzaflarnan qarşılaşajaxsan. Eşqin yolunda sana miskin də deyəjəklər, abdal da.Sən hər bir çətinnikdən keçif ucalara qalxajaxsan.Mənin kimi bir kəramət sahibi, övliya olajaxsan.( “Miskin Abdal və Sənubər”)
   “Miskin”sözünün leksik mənasından fərqli öz ilahi eşqi naminə nəfsini boğaraq mənəvi ucalığıın zirvələrinə, pir məqamına qovuşmaq “miskinliyin” simvolik açarıdır.Təriqət şairlərinin xalq arasındakı böyük şöhrəti miskin sözünün leksik mənasını arxa plana keçirərək, bu ifadənin yeni simvolik məna daşımasını təmin  etmiş, onu qüdrətli sənət və sənətkar anlayışlarının sinoniminə çevirmişdir.
    “Abdal”sözünün semantikasına gəldikdə isə təsəvvüf termini olaraq “tebdil olmaq, dəyişmək, bir yerdən başqa yerə getmək, qabığını buraxıb ruha girmək” mənalarını daşıyan “abdal”sözü qısaca olaraq “gəzərgi yaşayışlı dərviş” anlamına gəlməkdədir.
  İslam ensiklopediyasında isə “abdal” sözünü görkəmli türk alimi Fuad Köprülü belə açıqlayır: “Abdal sufiliyin mərtəbəsi sistemindəki dərəcələrdəndir.Ən çox yayılmış bir qənaətə görə qırx olan abdal-övliya mərtəbə sistemində sonuncu dərəcəni təşkil edir ki, bu silsilənin zirvəsindədir”.
      Aşiqin butadan qabaqkı halı ilə butadan sonrakı halı, yəni batin gözünün açılması təsəvvüfdən gəlirdisə, yuxuda aldığı butanın təsiri ilə xəstələnməsi, dərdini yalnız sazla deməsi (əslində aşiq dərdini sözlə deyə bilməzdi, çünki haqqı bəyan edən sözlər ilahi mənşəli olduğundan yalnız sakral musiqi aləti kimi qavranılan sazla deyilə bilərdi.) şaman əfsanə və rəvayətlərini yada salır.
    Eşq dastanlarında batin gözü açılmış haqq aşiqinin ölüb-dirilməsi (Qul Mahmud, Şahzadə Əbülfəz), gələcəkdən xəbər verməsi, yuxu yozması, dağla, xarabalıqla, kəllə ilə söhbəti (Kərəm) özünü göstərir.Bu batini təkamül, batini görmə gizli elmləri bilməklə izah edilir.Məsələn, Seydidən hərami qızlar “əgər haqq aşığısansa, tap görək, biz kimik, fikrimiz nədir?”,- deyə soruşurlar. Yaxud Qurbani gözü bağlı üç qızın içindən Pərini tapır.Novruz da gözübağlı qızların içindən öz sevgilisini tapır və aşağıdakı şeiri deyir:
                Mənim bu müşkül işimə,
                Yetiş, sən ey rəbbim, haray,
                İçmişəm qırxlar əlindən,
                Eşq ilə şərabım, haray,
                Səni tutar təbim,haray.
  Haqq aşiqinin sınaqlara çəkilməsi, kəramət göstərməsi məhəbbət dastanlarına övliya mənqəbələrinin təsir göstərdiyindən xəbər verir.
   Butanın mağarada, yaxud pirdə(Qurbani), bağda (Abbas), mağarada namaz qılanda (Heydər bəy), qəbir üstündə (Qərib,Seydi) verilməsi sakral məkan çərçivəsi ilə ilişkilidir.Bu tip vergialma birbaşa şaman mərasimləri ilə qohumdur.Buradan da haqq aşığı konsepsiyasının xalq sufizmindən gəlib əski inamlarla sıx əlaqədə olduğu görünməkdədir.
  Dərvişin mənəvi yolu eşq dastanlarında aşiqin real yoluna çevrilmişdir. Vergi alıb buta arxasınca gedən haqq aşiqinin gözəl qızlarla rastlaşması və hər dəfə bu dünya gözəllərinin məhəbbətindən imtina etməsi, əslində könlünü ilahi eşqə verən müridin keçici, fani gözəlliyə uymaması, bəşəri məhəbbətdən ilahi eşqi üstün tutmasıdır.
  Məhəbbət dastanlarında haqq aşiqinin bir neçə dəfə evlənməsi, yəni butası ilə bərabər, bəşəri gözəllərə də qovuşması bir tərəfdən təsəvvüfün bəşəri eşqi inkar etməməsi fikrinə söykənirsə, digər tərəfdən sufi eşqinin aşıq reperturarında tədricən real cizgilər qazanmaq cəhdindən doğurdu. “Novruz” və “Şah İsmayıl” dastanının qəhrəmanı butasından başqa, daha iki gözəllə də evlənir.
   Vergi alan butanın butaya qovuşması aşiqin haqq ilə haqq olmasıdır.Bu qovuşma əksər dastanlarda toyla müşahidə edilir və sırf folklor elementi kimi çıxış edir. Bu tip dastanlarda mənəvi birlik fiziki birliyə transformasiya olunur. Ancaq “Əsli və Kərəm”, “Şahzadə Əbülfəz”, “leyli və Məcnun”, “Qurbani” (Diri versiyası) kimi eşq dastanlarında təsəvvüfün fəna-fillah konsepsiyası funksional-semantik baxımdan dastan dilinə çevrilir.Əslində bu dastanlarda aşiqin fiziki yoxluqla mənəvi vəhdət qaznması, yəni fəna-fillah olması təsvir edilib.Dastan dilindəki bu faciəvi sonluq təsəvvüfdə müridin can atdığı xoşbəxtlikdir. Eşq dastanları ilə təkkə ədəbiyyatının qalan növlərinin bu struktur-semiotik fərqi yanr və janrın üslubi-təhkiyəvi özünəməxsusluğu ilə bağlıdır.Təriqətlərdə hətta erişmə süluk çərçivısində gedirsə, eşq dastanlarında süluk, dərvişlik məqamları macəra fonunda cərəyan edir.


           İstifadə olunan ədəbiyyat :
   Hüseyn İsmayılov: “Qədim və orta əsrlər türk dastan ənənələri”Bakı,Səda 2006
   Hüseyn İsmayılov: “Miskin Abdalın sənət dünyası” Bakı, Səda 2000
      Füzuli Bayat: “Türk sufizmi milli dünyagörüşün yeni formasıdır”Bakı,                                Ağrıdağ, 1997
   Füzuli Bayat:  “Məhəbbət dastanları” Bakı, Səda 2000
  Füzuli Bayat: “Sufizm: tarixi gerçəklik”Bakı, Səda 2000
  Xuraman Hümmətova : “Abdal obrazının xalq ədəbi ənənəsində və təsəvvüf şeirində yeri” Bakı, Səda 2006
   “Miskin Abdal və Sənubər” dastanı Bakı, Səda 2001
 


        

  

Hiç yorum yok:

Yorum Gönder